18.09.2024
18 sentyabr 2024-cü il tarixdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin dəstəyi və Ağstafa rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə tədbir keçirilib. Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə öncə Dövlət himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda qeyd olunub ki, dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan musiqi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin banisidir. Onun işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd olunub. Daha sonra Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin təqdimatında bəstəkarın musiqili komediyalarından və əsərlərindən fraqmentlər səhnələşdirilib, musiqilər səsləndirilib. Sonda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən "Arşın mal alan" filmi təqdim edilib.